e-KOB evi portalı haqqında

Qanunvericilik
“Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı və həmin Fərmanın icrasının təmin edilməsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26.09.2018-ci il tarixli 643s nömrəli Sərəncamı təsdiq edilmişdir.
Bununla yanaşı dövlət orqanları və qurumları tərəfindən elektron xidmətlərin göstərilməsi sahəsində qanunvericilik Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23.05.2011-ci il tarixli 429 nömrəli, “Elektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə” 05.02.2013-cü il tarixli 813 nömrəli, “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” 14.03.2018-ci il tarixli 1885 nömrəli fərmanlarından və digər normativ hüquqi aktlardan ibarətdir.
KOBİA-nın fəaliyyətinin təmin edilməsi üçün KOB Reyestr və KOB portalının yaradılması KOBİA-nın səlahiyyətinə verilmişdir.

Rəqəmsal Transformasiya
Hazırda KOBİA tərəfindən geniş Rəqəmsal Transformasiya Proqramına start verilmişdir. Proqramın tərkib hissəsi sayılan KOB Reyestr və DATA emalı blokları üzərində müvafiq işlər aparılmış,  vlət Vergi Xidməti və ASAN Xidmət ilə integrasiya edilmişdir . Bununla yanaşı inteqrasiya prosesləri davam edərək Bİ (Business İntelligence), hesabatlıq və analitika üçün baza yaradılmışdır.
Mədaxil bloku əsasən texnologiyalar və sistemlərin tətbiqi ilə məlumatların yığılması, analitika bloku hesabatların hazırlanması, analitika və qərar qəbul edilməsinə dəstək göstərir. Köməkçi bloku isə KOB-lara müxtəlif alətlərin verilməsinə xidmət edəcəkdir.

“e-KOB evi” portalı
“e-KOB evi” portalı haqqında Əsasnamə layihəsi “e-KOB evi” portalının fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarının tənzimlənməsi məqsədilə hazırlanmışdır.
Portalın fəaliyyət prinsiplərini, texniki-texnoloji infrastrukturunu, Portaldan istifadə qaydalarını, operatorunun funksiya, hüquq və vəzifələrini və istifadəçilərin hüquqlarını müəyyən edir və hazırki KOB evlərində göstərilən xidmətlərin elektron formada göstərilməsinə hüquqi baza yaradır. 
Hazırda “e-KOB evi” portalı Elektron Hökumət portalına qoşulmuşdur.

Portalın fəaliyyəti aşağıdakı prinsiplər əsasında həyata keçirilir:
şəffaflıq - Portalın fəaliyyətində aşkarlığın və hesabatlılığın təmin edilməsi, həyata keçirilən prosedurların və onların nəticələrinin izlənilməsi imkanının mövcudluğu;
istifadə rahatlığı – istifadəçilərin Portaldan istifadəsinin rahat və əlavə əməliyyatlar aparılmadan təmin edilməsi;
səmərəlilik - müraciətlərin təqdim edilməsi, qəbulu, cavablandırılması üçün tələb olunan vaxtın və maliyyə xərclərinin optimallaşdırılması, habelə istifadəçilərə göstərilən xidmətlərin keyfiyyətinin davamlı olaraq yüksəldilməsi;
effektivlik – Portalın fəaliyyəti zamanı mövcud resurslardan səmərəli istifadə edilməsi;
nəticəyönümlü fəaliyyət – Portalın fəaliyyəti zamanı qarşıya qoyulmuş məqsədlərin uğurlu icrasına və arzuolunan nəticələrin əldə olunmasına yönəlmiş idarəetmə strategiyasının təmin edilməsi;
operativlik - müraciətlərin təqdim edilməsinin, qəbulunun, cavablandırılmasının və nəticələrinin göndərilməsinin, habelə informasiyanın əldə olunmasının və məlumatların ötürülməsinin real vaxt rejimində həyata keçirilməsi;
təhlükəsizlik - sertifikatlaşdırılmış proqram təminatından və proqram-texniki vasitələrdən istifadə edilməsi, məlumatların, o cümlədən fərdi məlumatların ötürülməsi zamanı normativ hüquqi aktların tələblərinə əməl edilməsi, təşkilati, texniki və texnoloji tədbirlər həyata keçirməklə informasiyanın tamlığının, dəyişməzliyinin və mühafizəsinin təmin  edilməsi;
dayanıqlılıq - Portalda aparılan təşkilati, inzibati, texniki və digər dəyişikliklərdən asılı olmayaraq fəaliyyətinin fasiləsiz və dayanıqlı şəkildə həyata keçirilməsi;
modulluq və miqyaslılıq - Portalın ən son texnologiyalardan istifadə etməklə davamlı təkmilləşdirilməsi və inkişaf etdirilməsi, funksiya və imkanlarının artırılmasını təmin edən proqram-texniki komponentlərin olması;
mötəbərlik – Portalda saxlanılan məlumatların mötəbərliyini təsdiqləyən və yoxlanılmasına imkan verən mexanizmlərin təmin edilməsi;
inteqrasiya imkanı – informasiyanı digər dövlət informasiya ehtiyatı və sistemi ilə EHİS vasitəsilə mübadilə etmək imkanının olması.